Arzularımız və qorxularımız arasında rəqs.

Toni Robbins təəssüratlarım...


Seminardan əvvəl müsahibəsində “biz bu seminarda iştirakçılarla “dərinə” gedəcəyik” demişdi. Əslində əsas gözləntim bu idi və son vaxtlar suallarıma cavab tapmağa çalışdığım məsələlər vardı. Əlbəttə ki, Toni seminara gözləntilərimdən daha çox dəyər qatacaqdı.

  • Keçmişimizə səyahət edib, “etdiklərimizi nə üçün etmişik?” sualına cavabları tapa biləcəkdik.

  • Daxili potensialı hərəkətə gətirən güclərimizin nələr olduğunun cavabını tapacaqdım.

  • Sahib olduğumuz dəyər və inanclara görə, yaxınlarımızla olan münasibətlərə görə minnətdarlıq hissi yaşayacaqdım.

  • Valideynlərimə, dostlarıma, bizə qayğı göstərmiş ailədən olmayan, ya müəllimiz, ya dostumuz, ya da iş yoldaşımız olmuş, ancaq bizə mentor olmuş insanlara minnətdarlıq hissini bir daha dərindən hiss edəcəkdim.

  • Ən əsası da həyatda özünü dərk etmə hissinin inkişafına təkan olacaqdı və elə də oldu!

Enerji transformatoru kimi idi Əlimizi gündə 100 min dəfə döyünən ürəyimizə qoyub, bütün ürəyimizlə nəfəs alırdıq. Ürəyimizin dərinliyinin gücünü hiss edirdik. Düşünürdük. Ürəyimizin Yaradanın nə qədər möhtəşəm hədiyyəsi olduğunu, o günə qədər bəlkə də o dərəcədə düşünməmişdik. Bəlkə də bir çox seminar iştirakçısı həyatda olduğuna görə o günə qədər, o dərəcədə minnətdarlıq hissi yaşamamışdı. Sanki yaradılışdan bizə proqram təminatı kimi yüklənən emosiyalar həyata yenidən qaytarılırdı. Enerji transformatoru kimi idi. Bu enerjini auditoriyaya təsir edəcək şəkildə ötürə bilirdi. Güclü tərəflərimizi və inkişaf etdirməli tərəflərimizi bizə çox təsirli formada çatdırırdı. Adətən Toni seminarlarda şou göstərir deyirlər. Çünki seminarlarında fiziki hərəkətləri və musiqini bol-bol istifadə edir. Auditoriyanın aktivliyini və enerjisini yüksək saxlamağa var gücü ilə çalışır.


Dediyi kimi: hər şey enerji ilə başlayır.

Beynimizi və bədənimizi enerji ilə aktivləşdirməliyik. Fiziki hərəkət halında öyrənməyimiz və qərar vermə qabiliyyətimiz qat-qat artır. Passivdən aktiv rejimə keçmiş oluruq. Ancaq biz illərlə məktəbdə, universitetlərdə passiv vəziyyətdə olmuşuq. Parta arxasında oturmuşuq. Bizə “danışma, sakit otur” deyiblər və dinləmə rejimində olmuşuq. Bugünkü gündə isə istər gündəlik həyatımızda, istərsə də iş dünyasında danışmağı bilməliyik.


Üzümüzdə 34 fərqli əzələ var, hamısını istifadə etsək bütün biokimyamız dəyişilər. Təsəvvür edin bədənimizin bütün əzələlərini istifadə etsək nə qədər enerji yaranar. Bədənimizdən istifadə edərək enerji yaradırıq və bu da yeni təşəbbüslərə, yeni fəaliyyətlərə səbəb olur. Məhdud düşüncə və batil inanclarımızdan qurtulmağımıza dəstək olur.


Beynimizin və ürəyimizin tezliklərini eyni anda yüksək dərəcəyə gətirə bilmək (ingiliscə buna “flow” rejimi deyilir)... Uğurlu insanlar bu tandemi eyni anda yüksəldə bilirlər.


Məşğul olduğumuz işə ürəyimizi və beynimizi qoya bildiyimiz,

  • ən effektiv ola bildiyimiz,

  • heç nəyin diqqətimizi dağıtmadığı,

  • bütün fokusu həmin işə verə bildiyimiz,

  • ən kreativ, ən effektiv ola bildiyimiz həmin rejimdir “flow” rejimi.

Zehnimizlə əlaqəli əhvalımıza fiziologiyamızla təsir edə bilərik. Bədənimizi hərəkətə gətirərək zehnimizin vəziyyətini dəyişə bilərik. Fiziologiyamızı dəyişdiyimizdə özümüzü hiss etməyimiz də dəyişir. Çünki bu beynimizin və bədənimizin biokimyası ilə əlaqəlidir. İllərdir Toni Robinsin dediyi bu məsələlər bu yaxınlarda Harvard Biznes məktəbinin araşdırma nəticəsidir.

Pozisiyamızın gücü

Hər iki əlimizi belimizə dayayaraq aldığımız pozisiya zamanı 2 dəqiqə sonra fiziologiyamızda baş verən dəyişikliklər:

  • Serotonin, dopamin hormonları (xoşbəxtlik hormonları) 20 % artır.

  • Stress hormonunda (kortizol) 25% azalma baş verir.

  • Risklərə qarşı dayanıqlılığımız 33% artır.


Başqa bir sehrli formula yoxdur

Fiziologiyamızı dəyişdiyimizdə zehnlə əlaqəli əhval-ruhiyəmiz və enerji səviyyəmiz yüksəlir ki, bu da bizi daha çox iş icra etməyimizə sövq edir. Fəaliyyətlərimizin nəticələrini gördüyümüzdə inamımız artır, inam və əminlik artdıqca da daha çox potensialımızdan istifadə etməyə başlayırıq. Daha çox iş icra edirik və bu formalaşan bu dövriyyə “uğur dövriyyəsi” adlanır. Başqa bir sehrli formula yoxdur.

Potensial – İcra – Nəticələr - İnanc & Əminlik – Potensialdan daha çox istifadə - İcra... Bu dövr bu formada təkrarlanır!

Ən çox bəyəndiyi və məsləhət gördüyü kitab

Hər kəsin beynində özünün bir xəritəsi olur. İnanc və gözləntilərdən ibarət olan bu xəritələrin əslində son istifadə tarixi var və onlar vaxtları gəldikdə köhnəlirlər. Ancaq insanlar həmin inanc və vərdişlərə uyğun hərəkət etməyə davam edirlər. Bütün məsələ beynimizdədir. Özümüzə danışdığımız hekayədədir. Qarşılaşdığımız hadisələrə yüklədiyimiz mənalardadır. Beynimizin inkişafı üçün davamlı olaraq yeni informasiyaya ehtiyacı var– buna beynin qidalanması da deyilir. Bunu təmin etməyin ən yaxşı yolu isə davamlı olaraq oxumaqdır.”



Toni özünün mentorundan və onun vaxtı ilə həyatının dəyişməsinə səbəb olmağından danışdı. Bir cümləsini paylaşdı: Liderlər oxuyanlardır (Leaders are readers) dedi. Söhbət məqalə, bloq oxumaqdan getmir, kitab oxumalıyıq dedi. Bizə dəyər qatacaq, strategiyalar öyrədə biləcək kitabları nəzərdə tuturdu. Özünün də ən çox bəyəndiyi və məsləhət gördüyü:  Biznes strategiyaları ilə bağlı: “Ray Dalio – Principles” adlı kitab oldu.

Kitab oxumaq və inkişafımıza faydalı seminarlarda iştirak etməyin daxili potensialımızı kəşf etməyimizdə böyük rolu olduğunu dedi. Uğurlu nəticələrin səbəbinin 80%-i zehin, 20%-i strategiya olduğunu vurğuladı.


Yekun olaraq bildirmək istərdim ki, bu cür seminar zehnimizi yeniləmək, özümüzün ən yaxşı versiyamız ola bilməyimiz üçün mütləqdir və olduqca faydalıdır.