“Plans are nothing, planning is everything” Dwight Eisenhower
Bir ABŞ generalının qeyd etdiyi bu sitatın altında nə kimi mənalar yatır? Sitatın hərfi tərcüməsi belədir: “Planlar heç nə, planlaşdırma isə hər şeydir”. Yəni sabit bir planımızın olmasındansa, davamlı düzəlişlər edə biləcəyimiz bir planlaşdırma prosesinin olması daha vacibdir. Təəssüflər olsun ki, planlaşdırmanın mahiyyətini başa düşməyən bəzi kütlələrdə planlara qarşı belə bir stereotip formalaşıb: Planlara ehtiyac yoxdur, onsuz da heç bir şey plana uyğun davam etmir. Əslində plana mütləq şəkildə riayət olunacaqdır - qaydası da yoxdur. Düzdür ki, hər şeyi ideal şəkildə planlaşdırıb və plana uyğun hərəkət edilsə nəticələr də çox yaxşı olacaqdır. Ancaq bilirik ki, layihənin planı və qrafiki mütəmadi olaraq (günlük, həftəlik, aylıq) yenilənir (live schedule). Təyin olunan müddətlə tarixlər hər dəfə yeniləndikdə (update) plan da dəyişilir. Əvvəlcədən əsas təyin edilmiş və dondurulan (baseline) plan qalır öz yerində və biz yenilənən qrafikimizə faktiki görülən işləri daxil etməklə müvafiq müqayisələri əyani şəkildə görə bilirik ki, sitatda qeyd edilən planlaşdırma prosesi də budur.
Layihənin əvvəlində hazırlanan və əsas götürülən plan (baseline) bizə hədəflərimizi, harda olacağımızı, planlaşdırma prosesi isə hazırda harda olduğumuzu görməyə imkan verir. Sitatın altında yatan əsas məna da ondan ibarətdir ki, - planlara mütəmadi olaraq nəzarət edilməli, - uyğunsuzluqlar aradan qaldırılmalı,
- aşkarlanan problemlər isə təhlil edilərək müfaviq formada həll edilməlidir ki, bu da planlaşdırma prosesinin tərkib hissəsindən bizə xəbər verir. Yekun olaraq bildirməliyəm ki, plan istənilən biznes layihəsinin ən vacib elementidir, lakin bütün planlar da planlaşdırma prosesinə tabe tutulmalıdır. Nəzarətsiz qalan hər şey məhv olmaya məhkumdur.