top of page

Səssiz ol və dinlə!

Kiməsə kömək etmək istəyirsən? Öncə dinlə!


Bu barədə Stephen Covey çox gözəl demişdir: “İnsanların çoxu cavab vermək üçün dinləyir, anlamaq üçün yox”.


Günümüzdə dinləmədən verəcəyimiz məsləhətlərə hər kəsin "qarnı toxdur”. Hamı bir şeylər bilir, həm də bizim bilmədiyimiz bir şeyləri. Bilirik ki, heç kim tək başına uğur əldə edə bilməz. Bu istəyi yarada biləcək, təşəbbüskarlıq ruhunu hərəkətə gətirəcək birilərinə, yol göstəricilərinə ehtiyac duyuruq. Ən vacibi də bizi dinləyən, həqiqətən, dinləyən birinin olmasıdır. Qarşı tərəfə həqiqətən kömək etmək istəyiriksə ona fərdi yanaşaraq, dostyana, nə istədiyini, nə üçün istədiyini öyrənərək, ən əsası da dinləyərək dəstək verməliyik.


Dinləmə mövzusunda maraqlı bir keysi sizlərlə bölüşmək istərdim. İtalyan Dr. Ernesto Siroli iqtisadi inkişaf mövzusunda dünyanın aparıcı konsultantlarından biri kimi tarixə düşüb və o, 1971-ci ildə Beynəlxalq Yardım sahəsində Afrikada işləməkdə idi. İlk layihəsinin ana xəttində komandası ilə birgə Zambiya əhalisinə məhsulu necə yetişdirməyin, məhsul yetişdirmə texnologiyasının izahlarını vermək, bunu əyani şəkildə göstərmək dururdu. Onlar İtaliyadan gətirdikləri xüsusi sort toxumların (pomidor, yaşıl balqabaq) əkinini Zambezi çayının yanında yerləşən, olduqca münbit və məhsuldar bir vadidə həyata keçirirlər. İşin maraqlı məqamlarından biri də o olur ki, yerli əhali bu prosesə olduqca biganə yanaşırlar və gəlmələr yerlilərin işləməsini ancaq ödənişlə təmin edə bilirlər.


Dr. Sirolli qeydlərində bildirir ki, biz heyrətlənirdik ki, nə üçün belə münbit torpaqlarda yerli əhali heç bir təsərrüfatla məşğul olmur. Lakin onlardan bunun səbəbini soruşmaq əvəzinə biz ciddi şəkildə əkinə fokuslandıq və kifayət qədər yaxşı nəticələr əldə etdik. Əldə etdiyimiz pomidorlar İtaliyadakı ilə müqayisədə həm daha böyük, həm də daha dadlı idi. Bu nəticəni yerli əhali ilə fəxrlə bölüşdük və əkinçiliyin heç də çətin olmadığını onlara izah etməyə çalışdıq. Məhsulun yığılacağı, qırmızı və iri pomidorların bütün təsərrüfatı şəkilləndirdiyi bir dövrdə gecənin bir vaxtı sahəmiz yüzlərlə begemotun hücumuna məruz qaldı və bütün fəaliyyətlərimiz bir anda suya qərq oldu. Yerli əhalinin hadisəyə reaksiyası sakit və konkret oldu: “Bəli, elə buna görə də biz burda əkinçiliklə məşğul olmuruq”. Bəs siz bizə niyə bu barədə heç nə demədiniz? Cavab daha konkret idi: “Siz bu barədə heç vaxt soruşmadınız”.


Bu hadisə Dr. Sirolli üçün bütün həyatını əhatə edəcək ciddi bir dərsə çevrildi və sonradan həyata keçirdiyi 27 layihənin hər birini uğurla yekunlaşdırdılar. Uğurlarının səbibini isə belə izah edirdi, Dr. Sirolli: “mən öncəsində çox çətin bir şeyi edirəm - səsimi kəsirəm və onları dinləyirəm, yəni ehtiyaclarını öyrənirəm və problemlərimizi sonrasında birgə həll etməyə çalışırıq”.


Qarşılaşacağın hər kəs bilmədiyin bir şeyləri bilir. Bill NYE
bottom of page