Layihə planlamasında 3 element

Layihə nədir? PMI (Project Management Institute) qeydlərinə görə: “Unikal bir məhsul və ya xidməti yaratmaq üçün müvəqqəti edilən cəhd, müəyyən bir yerdə, müəyyən bir vaxt ərzində, müəyyən bir büdcə ilə, dəqiq olaraq təyin edilən məqsədlərin reallaşdırılması üçün planlanan fəaliyyətlər toplusudur”.


Hər hansı bir layihəyə başlayarkən ən vacib işlərdən biri, heç şübhəsiz, PLANLAŞDIRMADIR! Çünki planlaşdırma layihənin uğuruna birbaşa təsir edən ən əsas göstəricilərdən biridir.


“Layihə planlaması layihə uğuru üçün həlledici amildir”.

Bəs planlaşdırma nədir? Planlaşdırma gələcəyə aid görüləcək işlərin, yol xəritəsinin öncədən hazırlanması prosesi, layihə tələblərinin, resurslarının, vaxtının təyin edilməsidir. Daha konkret desək, layihədə çatmaq istədiyimiz və hədəflədiyimiz nəticənin planlaşdırılmasıdır.


Planlaşdırma layihənin vacib elementlərindən olduğu kimi, planlaşdırmanın da özəyini təşkil edən 3 vacib element vardır ki, onları növbəti abzaslarda qeyd etmişik.


1. İş həcmi (Scope) Scope - layihədə görüləcək işlərin dolğun də dəqiq formada müəyyən edilməsidir. İş həcmini müəyyən etmək üçün ən yaxşı metod WBS (work breakdown structure) - dir. WBS - işlərin dekompozisiyası, yəni, iş həcminin təsnifatlandırılmasıdır. WBS görüləcək işlərin vizual təsviri, onların iyeyarxik formatda ortaya qoyuluşudur. Çünki bu şəkildə layihənin mərhələləri daha aydın formaya düşür və öncəsində qarışıq olan fəaliyyətlər sistemləşdirildiyi üçün növbəti nümunədəki kimi daha idarəolunan bir vəziyyətə gəlir.


2. Zaman (Time) Time - layihə planlamasında bir layihənin təhvilini reallaşdırmaq üçün lazım olan vaxtı ifadə edir. 1-ci elementimizin, yəni iş həcminin dolğun formada hazır edilməsi layihədə görüləcək işlərin müddətlərini müəyyən etməyimizi daha da asanlaşdıracaqdır. Fəaliyyətləri zamanlayaraq, işlər arasındakı fasiləni quraraq sərf edəcəyimiz zamanı hesablaya bilərik. Vaxt planlamasında ən vacib iş müştərilər tərəfindən tələb olunan layihənin başa çatma vaxtının dəqiqləşdirilməsidir.

3. Büdcə (Cost) Planlamada sonuncu elementimiz - Büdcədir, xərclərimizin planlaşdırılmasıdır. İş həcmlərini təyin edib, zaman planlaşdırmasını etdikdən sonra layihə büdcəsinin nə qədər olacağı proqnozlaşdırılmalıdır ki, bura da layihəyə cəlb ediləcək resurslar üzrə tələb olunacaq xərclər daxildir.